HADİSƏ

Kirvəsi ad günündə məktəbliləri dönər yeməyə apardı, faciə baş verdi -Hacıqabuldakı qəzanın TƏFƏRRÜATI

10:22 - 21 Noyabr 2023

 Kirvəsi ad günündə məktəbliləri dönər yeməyə apardı, faciə baş verdi -Hacıqabuldakı qəzanın TƏFƏRRÜATI

Hacıqabulda yeniyetmələrin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 20 noyabr tarixində saat 21 radələrində Abdulabad kəndi ərazisindən baş verib. Rafael Şirəliyevin idarə etdiyi “Toyota Pirius” markalı avtomobil Bakı-Qazax magistralına doğru hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə “Toyota Prius” aşmış halda 40 metr məsafəyədək məsafə qət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Rafail Şirəliyev idarə etdiyi “Toyota Pirius” markalı minik avtomobillə övladını və kirvəsi olduğu dostunun 2 oğlunu yaşadığı Abdulabad kəndindən yaxınlıqdakı Qarasu kəndinə dönər yeməyə aparırmış. Belə ki, ötən gün R.Şirəliyevin kirvəsi olduğu 2008-ci il təvəllüdlü Məhəmməd Şamo oğlu Abuşovun doğum günü imiş. Bununla əlaqədar o, 2010-cu il təvəllüdlü oğlu Əliyar Şirəliyevi, Məhəmmədi və onun kiçik qardaşı, 2014-cü il təvəllüdlü Pənah Abuşovu avtomobilə əyləşdirərək Bakı-Qazax yolu istiqamətində hərəkət edib.

Hadisə də elə bu zaman baş verib.

Sürücünün oğlu Əliyar, eləcə də ad günü olan Məhəmməd hadisə yerində ölüb.

9 yaşlı Pənah sol bud və bazu sümüklərinin sınığı, sürücü isə bütün bədənin əzilməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qəzaya düşən yeniyetmələr Abdulabad kənd orta məktəbinin şagirdləri olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti