SOSİAL

Bu gün Azərbaycanda Anım Günüdür - Şəhidlərimizə dərin hörmət və böyük ehtiramla...

00:30 - 27 Sentyabr 2023

 Bu gün Azərbaycanda Anım Günüdür - Şəhidlərimizə dərin hörmət və böyük ehtiramla...

Bu gün Vətən müharibəsinin başlamasından üç il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.

Üç il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib.

Beləliklə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam edib, noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları hərbi-siyasi yolla Azərbaycana qaytarılıb.

Bildirək ki, Azərbaycan 44 günlük müharibədə 2 908 şəhid verib, altı nəfər isə itkin düşüb.

Prezident İlham Əliyev 2020-ci ildə imzaladığı sərəncamla hər il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Digər xəbərlər

Xəbər xətti