Bakı Mühəndislik Universiteti ilə Sumqayıt Dövlət Universitetinin rektorları dəyişdirilib.
President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Belə ki, sərəncamla Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Yaqub Maksim oğlu Piriyev rektor təyin olunub.
Digər sərəncamla Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Rüfət Eyvaz oğlu Əzizov isə SDU-nun rektoru təyin olunub.
Qeyd edək ki, BMU-nun yeni rektoru Yaqub Piriyev bundan əvvəl Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri, Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.
FOTO: Yaqub Piriyev
Digər yeni təyin olunan rektor Rüfət Əzizov isə bu vəzifəyə qədər Təhsil İnstitutunun direktoru idi.
R. Əzizov Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Eyni zamanda Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir.
FOTO: Rüfət Əzizov