SOSİAL

Piyadaları sevməyən Bakı...

16:17 - 2 May 2023

 Piyadaları sevməyən Bakı...

Orxan Qurbanov yazır...

Cəfər Cabbarlı küçəsinin Nizami metrostansiyasının yaxınlığındakı bu hissəsində bir zamanlar eynisəviyyəli piyada keçidi var idi. Piyadaları heçə sayıb guya tıxacın qarşısını almaq və avtomobillərin “intensiv” hərəkətini təmin etmək üçün bir neçə il əvvəl həmin keçid ləğv elədilər. Bundan sonra yolu keçmək istəyən paytaxt sakinləri məcbur qalıb 150 metr yol qət edib qarşı tərəfə keçməli sonra o 150 metrlik məsafəni yenidən geri qayıtmalıdılar. Təsəvvür edirsiniz? Piyadalar 10 metrlik yolu keçmək üçün 300 metr əlavə yol getməlidir. 15-20 saniyəlik məsafə 5-10 dəqiqəlik yola çevirilib. Guya avtomobillərin intensiv hərəkətini təmin etmək üçün atılan bu addım piyadaları əməlli başlı həm əziyyətə salıb, həm də təhlükəyə. 

İnsanoğlunun xislətində var rahat olanı etmək. Elə bunun üçün də vətəndaşlar 300 metr enişli-yoxuşlu yolu getməkdənsə həyatlarını təhlükəyə atıb rahat olanı, yəni bir zamanlar piyada keçidi mövcud olan ərazidən yolu keçməyə davam edirlər. Başa düşüləndir. Yenə deyirəm, insanoğlunun xislətində var rahat olanı seçmək. İnsanların tarix boyu etdiyi bütün ixtiralar onların öz rahatlığı üçün hesablanıb. Rahatlığına bu qədər düşgün varlığı isə zorla narahat olanı etməyə məcbur etmək mümkün deyil. Bu məsələnin bir tərəfi. Bu qərar yuxarıda qeyd etdiyim kimi guya tıxacın qarşısını almaq üçün hesablanmışdı. Lakin biz hələ də başa düşməmişik ki, yollardakı tıxacın səbəbi piyadalar yox, avtomobillərdir. Şəhəri avtomobillər üçün uyğunlaşdırmağa nə qədər cəhd etsək ki, bu, mümkün deyil, tıxacların sayı da bir o qədər artacaq.

Tıxacla mübarizənin tək üsulu var: şəhəri piyadalara geri qaytarmaq və ictimai nəqliyyatı inkişaf etdirmək.



Digər xəbərlər

Xəbər xətti