SOSİAL

Üzqırxan "ziyalı"sı, şəhər adamı olub neynəmisən? - Bəhram Bağırzadəyə sözardı

20:24 - 16 Yanvar 2023

 Üzqırxan

Mərahim Nəsib yazır...

Bəhram Bağırzadə, şəhər adamı olub "gillet"dən başqa hansı ziyalı mövqeyini ortaya qoymusan? Xalqın hansı probleminə işıq tutub, özünü şam kimi yandırmısan? 

Sənin bu gün yediyin qidaları bəyənmədiyin kənd adamları min-bir zəhmətlə istehsal edir, sənin bu gün yaşadığın binaları naəlac kənddən gələn fəhlələr, ustalar inşa edir, sənin bu gün uğur qazanmağında, məşhur olmağında da yüzminlərlə kəndlinin, rayonlunun rolu var. Sənin "mən kişilər görmüşəm" cümləndəki kişilər məgər, sənə bunu öyrədib? Amma bizim gördüyümüz kişilər İkinci Dünya müharibəsində cəbhəyə silah - sursat daşıyırdı, Birinci və İkinci Qarabağ müharibəsində canını bu Vətən uğrunda ortaya qoyurdu ki, sən və sənin kimilər rahat yaşasın.

Bəhram Bağırzadə, sən şəxsən mənim yaddaşımda "mənfi obraz" kimi qalmısan. Səbəbi isə uşaqlıq xatirələrimlə bağlıdır. 

Belə ki, 2010-cu ildə, universitetin 2-ci kursunda oxuyanda İncəsənət Universitetinin əksər tələbələri kimi "Palnet Parni İz Baku"nun təşkil etdiyi "Şən nar yumor kuboku"nun seçim turuna qatılmışdım. "Yeni dalğa" adlı komanda yaratmışdıq və həmin komandada cəm olmuşduq. Videoçarxımızı çəkib yarışa qatıldıq. Pis də alınmamışdı. Hətta, digər iştirakçılardan fərqli olaraq başqa bacarıqlarımızı da nümayiş etdirmişdik. Bəhram Bağırzadə də münsiflər heyətində idi. Tahir İmanov sonda dedi ki, son qərarı Bəhram versin. O, nə desə elə də olacaq. Yəni taleyimiz Bəhram Bağırzadənin əlində idi. Gözünə döndüyüm Bəhram da qayıdasan ki, "bunlara ancaq 2 düşür". O gündən sonra Bağırzadəni harada görsəm, adını eşitsəm o hadisə yadıma düşür və dərindən ah çəkirəm!

Yəni, Bəhram Bağırzadə, sənin ən böyük uğurun "gillet" idisə, ikinci dəfə bu biabırçı açıqlama ilə yadda qaldın. Məgər, sən özün hansı əzəmətin sahibisən ki, rayon və kənd adamlarını aşağılayırsan? Bilmirsənsə, nəzərinə çatdırım. Şəhərin yaranmasında rol oynayan elə kənd olur. Əvvəlcə kənd yaranır, sonra qəsəbə, sonra rayon, sonra isə şəhər. Şəhər dönüb ölkə olur, ölkə dönüb dövlət olur, dövlət də Vətən olur, yurd olur. Sən dolayısı ilə həm də bu Vətəni, bu dövləti və bu dövləti yaradanları təhqir etmiş oldun. Cəzanı isə xalq verəcək. Özü də bəyənmədiyin xalq. 

 



Xəbər xətti