Horeca
SİYASƏT

Rusiya Qarabağda ermənilərə status vəd edir - Yoldaş Putin, belə salamatçılıqdı?!

08:04 - 28 Oktyabr 2022

 Rusiya Qarabağda ermənilərə status vəd edir - Yoldaş Putin, belə salamatçılıqdı?!

Xəyal Orucoğlu yazır...

Valday diskusiya klubunda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı mərhələsi ilə bağlı bir sıra açıqlamalar verib. Bu açıqlamaların ən diqqət çəkən hissəsi Putinin Ermənistana sülh məsələsində "Bax ha sənə mənsiz çətin olacaq" mesajını yollaması olub. Rusiya rəhbəri qeyd edib ki, biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. (red. Sən dedin mən də inandım) Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”,- deyə Rusiya lideri əlavə edib.

Vladimir Putinin sözlərinə görə, erməni xalqının bütün seçimləri dəstəklənəcək.
“Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür. Sözsüz ki, Azərbaycanla razılışmaq lazımdır. Elə eləmək lazımdır ki, bu razılıq Azərbaycan üçün də məqbul olsun. Bu çox çətin, birbaşa desək ağır məsələdir”, - deyə Putin əlavə edib.
Rusiya liderinin bu açıqlamasından belə başa düşmək olur ki, danışıqların "Vaşinqton" planı var və Ermənistan bu planla razılaşmağa çox yaxındır. Üstəgəl bu plan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına xidmət edir və Qarabağda hər hansı statusdan söhbət belə getmir. Ancaq bu plan baş tutarsa, nə olacaq?
Putinin bu planı vurğulaması əslində Rusiyanın ciddi narahatlığından xəbər verir. Çünki "Vaşinqton" planı həyata keçərsə, Rusiya cənubi Qafqaz regionunda heç kimə lazım olmayacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaqlar. Sülməramlıların bu regionda fəaliyyəti də artıq mənasız olacaq. Putin hər nə qədər sülh müqaviləsini dəstəklədiyini desə də, o, bu məsələnin "həllinə" yalnız və yalnız Rusiya şinelindən keçirməklə nail olmaq istəyir. Amma indiki vəziyyətdə bu, o qədər də asan görünmür. 

Yeri gəlmişkən, bu həmin Valdaydır ki, İlham Əliyev öz çıxışı ilə tarix yazmışdı: "Qarabağ Azərbaycandır və Nida!"
Dedi və elədi...

Gələk Putinin çıxışının ikinci hissəsinə...
Rusiya rəhbəri Vaşinqton variantından sonra bir də bir də öz variantını səsləndirib və burada o, ermənilərə Qarabağda müəyyən status məsələsinə ehyam vurub. Yəni bir cümlə ilə ifadə etsək Putin: "Əziz ermənilər, siz mən deyənlə gedin, Qarabağda sizə status da verdirəcəm" mesajını yollayıb. 
Əslində Putinin Qarabağın status məsələsi ilə bağlı açıqlaması Ermənistanın daxili auditoriyasını qızışdırmağa hesablanıb. O, bu yolla erməni müxalifətini qızışdırıb Paşinyanı çətin vəziyyətə salmaq istəyir. Çünki Ermənistan daxilində vəziyyət gərginləşərsə, Paşinyan danışıqlar prosesini uzatmağa məcbur olacaq. Rusiya isə indiki çətin vəziyyətində vaxt qazanacaq. Çünki Putin rəsmi Bakının gündəliyindən Qarabağla bağlı hər hansı statusun çoxdan çıxarıldığını yaxşı bilir. Amma bilməli olduğu başqa bir məsələ də var. Siyasi dəblə ayaqlaşmaq!  Rusiya hər nə qədər Qafqazda mövcudluğunu qoruyub saxlamağa çalışsa da, bu artıq o qədər də asan deyil.
Əslində Rusiyanın Ermənistana yönəlik fikirləri ayrılmaq ərəfəsində olan iki sevgilinin bir-birinə yazdığı son mesaja bənzəyir. Qız başqasına ərə gedir, oğlan isə ayrılmaq istəmir. Neynəmək olar? Həyatda bütün cütlüklərin xoşbəxt sonluğu olmur.

Jirinovski də sağ deyil ki, vaxtısız banlayan xoruz kimi səsini başına atıb qışqırıb bağırsın.
Ümumiyyətlə, yoldaş Putin, belə salamatçılıqdır?!



Xəbər xətti